QHT qədim Türk xalq sənəti incilərinin sərgisini təşkil etdi
“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin (TTXMİDİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə icra etdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihəsi çərçivəsində ixtisaslı təlimçilər tərəfindən ebru və toxuculuq kurslarına cəlb olunan 1-ci və 2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə bu qədim sənətlərin sirrləri öyrədilib.

Resorting.Az xəbər verir ki, bu gün Türk Dünyasının dahi şəxsiyyəti Yunus Əmrənin adını daşıyan Mədəniyyət Mərkəzində Türk xalqlarına məxsus qədim toxuculuq və ebru sənətinin bugünkü davamçıları sayılan həmin kursların iştirakçılarının əl işlərindən ibarət satış-sərgi təşkil olundu.
Tədbiri giriş sözü ilə açan Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri vəsifəsini müvəqqəti icra edən Hüseyn Musayev açaraq belə əhəmiyyətli bir layihəyə tərəfdaşlıq etməkdən qürur duyduqlarını ifadə etdi.
Lahiyə rəhbəri və ictimai birliyin sədri Zərnişan Azayeva Türk Dünyasının qədim-qayım sənət sahələrindən olan toxuculuq və əbru sənətinin bugün daha müasir şəkildə davam etdiyini, həyatımızdan çıxmadığını söylədi. Layihənin əsas məqsədi işsiz, evdar qadınlara sənət öyrətməklə maddi vəziyyətlərinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyasına nail olmaq idi.
Zərəngiz Ağamirova, Zəhra Əliyeva, “Məhsəti” şairlər məclisi İB-in sədri Cəvahir Qaraqızı, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, Üzeyirbəyşünas Səadət Qarabağlı çıxış edərək belə xoşməramlı layihələrin daha çox həyata keçirilməsinin gənclər arasında sənətə maraq yaratmağından danışdılar, əl əməyi, göz nuru ilə hazırladıqları sənət əsərlərinin, əşyaların satışını həyata keçirməklə özlərinə kiçik biznes quraraq ailə büdcələrinə maddi dəstək ola biləcəklərini təqdirəlayiq saydılar.
Tədbirin sonunda layihəyə cəlb olunan iştirakçılara kursları bitirmələri barədə Sertifikatlar təqdim olundu.
Bununla da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin həyata keçirdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihə başa çatdı.